Nəşrlər

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 

1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 

2.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 2011-ci il mayın 1-dən fəaliyyətə başlaması üçün zəruri olan maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı tədbirlər görsün;
2.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması və aparılması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə zəruri tədbirləri həyata keçirsin;
2.3. üç ay müddətində:
2.3.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3.2. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3.4. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 2011-ci il mayın 1-dən fəaliyyətə başlamasını təmin etsin. 

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin məlumat bazasının formalaşdırılması məqsədi ilə sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə real vaxt rejimində ötürülməsini və daim təzələnməsini təmin etsin. 

5. Bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Əsasnamə 2011-ci il mayın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2011-ci il.