Konfederasiya haqqında

Naxçıvan Muxtar Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (NSK) Naxçıvan Muxtar Respublikasında işəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla)  sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünü idarə edən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Konfederasiyanın əsas məqsədi Naxçıvan Muxtar Respublikasının dünya iqtisadi sisteminə inteqrasiya  olunması prosesinin inkişaf etdirilməsində fəal iştirak etmək, öz üzvlərinin mövcud potensialından istifadə edərək ölkədə sosial-iqtisadi problemlərin həllinə kömək etmək, əhalinin işgüzarlıq fəallığını gücləndirmək və sahibkarlıq fəaliyyətinin inkişafına kömək etməkdir.

Konfederasiya öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitudiyalarını, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qüvvədə olan digər normativ-hüquqi aktlarını və Nizamnaməni rəhbər tutur.

Konfederasiya öz fəaliyyətini dövlət hakimiyyəti və icra orqanları, özünü idarəetmə orqanları, siyasi partiyalar və hərəkatlar, habelə digər qeyri-hökumət təşkilatlarından asılı olmayaraq həyata keçirir.

Konfederasiya müstəqil hüquqi şəxsdir, ayrıca əmlaka, müstəqil balansa, banklarda hesablaşma və valyuta hesablarına malikdir. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına zidd olmayan emblemi ilə möhürü, ştampı və blankları  vardır.

Konfederasiya öz fəaliyyətini dövlət hakimiyyəti və icra orqanları, bələdiyyə qurumları, sahibkarlıq strukturları, həmçinin beynəlxalq və ictimai təşkilatlar, yerli və beynəlxalq maliyyə-kredit təşkilatları ilə sıx əlaqədə həyata keçirir.