Beynəlxalq Əmək Təşkilatının 100 illik yubiley tədbirində Naxçıvan təcrübəsi tanıdılıb

10-21 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi qeyd olunub. Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Azərbaycan nümayəndə heyətinin tərkibində sessiyada iştirak edib.

Dünya üzrə layiqli əmək şəraitinin yaradılması, insanların sosial müdafiəsi və aktiv məşğulluq proqramlarının icrası ilə bağlı aparılan müzakirələrdə Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının əldə etdiyi müsbət nəticələr maraqla qarşılanıb. Xüsusilə Beynəlxalq Əmək Təşkilatının çağırışlarına fəal olaraq sosial tərəfdaşlıq edən Azərbaycanda innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın yaxşılaşması müsbət qiymətləndirilib. Qeyd olunub ki, müzakirə olunana məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət siyasətinin strateji məqsədidir. Həyata keçirilən tədbirlərin nəticəsində son 15 ildə Azərbaycanda ümumi daxili məhsul, sənaye istehsalı, orta aylıq əməkhaqqı dəfələrlə artıb, işsizlik və yoxsulluq səviyyəsi minimum həddə enib. Təkcə bu il əməkhaqqı və pensiyaların 40, sosial müavinətlərin və təqaüdlərin orta hesabla 100 faiz artması insanların rifahına ciddi dəstək olub. Bildirilib ki, bu ilin may ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Sosial Təminat Forumuna ev sahibliyi edən Azərbaycanın 4 sosial layihəsi yaxşı təcrübə nümunəsi kimi bu təşiklatın xüsusu mükafatına layiq görülüb.

Yubiley tədbirində Azərbaycanın Naxçıvan Muxtar Respublikasının davamlı məşğulluq, layiqli əmək şəraitinin yaradılması və insanların sosial müdafiəsi sahəsində qazandığı uğurlar geniş şəkildə tanıdılıb. Muxtar respublikada qeyd olunan sahələr üzrə əldə olunan nailiyyətlərin əhəmiyyəti vurğulanıb, xüsusilə sosial ədalət və sosial dialoqa nail olmaq üçün birgə tədbirlərin müəyyən edilməsində təcrübə mübadiləsinin və geniş əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.